Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin üzvləri “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Ahmad Gozal ilə görüş keçirib.
Finss.az xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, birgə layihələr, yeni təşəbbüslər, eləcə də ölkəmizin qısa müddətdə əldə etdiyi iqtisadi nailiyyətlər müzakirə olunub. Bununla yanaşı, bu il keçiriləcək II Azərbaycan-Türkiyə İnvestisiya Forumunun əhəmiyyəti və planlaşdırılan Süni İntellekt Zirvəsi barədə məlumat təqdim edilib.
Qonaqları salamlayan Ahmad Gozal texnologiya və təhsil layihələrinin Azərbaycan-Türkiyə əməkdaşlığının prioritet istiqamətləri olduğunu qeyd edib, təhsil sahəsində özəl sektor nümayəndələrinin fəal iştirakı və peşə məktəblərinin rolunun artırılmasının əhəmiyyətini xüsusi vurğulayıb. O əlavə edib ki, Azərsun Holdinq olaraq TÜİB-in komissiyalarının fəaliyyətinə hər zaman dəstək göstərməyə hazırdır.
TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat qurumun həyata keçirdiyi layihələr barədə məlumat verərək Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin strateji önəmini diqqətə çatdırıb. TÜİB İdarə Heyətinin sədr müavini Savaş Uzan təşkilatın fəaliyyət istiqamətləri barədə ətraflı danışıb.
Görüşdə çıxış edən TÜİB üzvləri də müxtəlif sahələr üzrə təşəbbüslərini təqdim ediblər. Belə ki, Natavan Məmmədova ‘Körpü’ layihəsini təqdim edərək sahibkarların inteqrasiyasına dəstək imkanlarını diqqətə çatdırıb. Layihənin iki ölkə arasında iqtisadi və sosial körpü rolunu oynadığı, Azərbaycanın investisiya cəlbediciliyinin artırılmasına xidmət etdiyi vurğulanıb. O həmçinin qeyd edib ki, TÜİB-in üzvlərin və özəl sektorun rəylərini toplayaraq hökumətə təqdim etməsi sayəsində qurum biznes mühitinin daha cazibədar olmasına dəstək göstərir və daimi dövlət–özəl dialoqu platformasına çevrilir.
Günay Ağayeva logistika sahəsində mövcud problemlər və onların həlli yolları ilə bağlı təkliflər irəli sürərək TÜİB-in Logistika və Gömrük Komissiyasının fəaliyyəti barədə məlumat verib. Necmeddin Taşbağ qurumun fəaliyyət istiqamətlərinin getdikcə genişləndiyini və Azərbaycan–Türkiyə münasibətlərinin inkişafında fəal iştirak etdiyini vurğulayıb. Ahmet Köse Süni İntellekt Zirvəsi ilə bağlı məlumat verərək startapların təşviq edilməsinin əhəmiyyətini vurğulayıb. Rəna Məmmədova isə dayanıqlı inkişaf istiqamətində həyata keçiriləcək layihələr barədə danışaraq plastik tullantıların toplanması və təkrar istifadəsinə dair təşəbbüsləri diqqətə çatdırıb.
Eyni zamanda, TÜİB üzvləri – Kerem Demir, Lokman Biter, Yılmaz Nalkıran və Oktay Vayiç də öz şirkətlərinin fəaliyyəti barədə məlumat veriblər.
Görüşün sonunda Hüseyin Büyükfırat Qarabağın ilk inkişaf layihəsi olan ‘Cocuq Mərcanlı İnkişaf Layihəsi’ – Suvenir İstehsalat Mərkəzi barədə ətraflı məlumat verib və mərkəzdə hazırlanan əl işini Ahmad Gozala hədiyyə olaraq təqdim edib.


